Xəbərlər
“Caspian Oil & Gas 2016” sərgisi: dünya enerji daşıyıcıları sənayesinin səmərəli layihə və perspektivləri

Xəzər regionunun energetika sahəsi üzrə nəhəng tədbiri uzun illər ərzində etibarlı işgüzar əlaqələrin qurulduğu, qarşılıqlı faydalı müqavilələrin imzalandığı və layihələrin uğurla həyata keçirildiyi platformaya çevrilmişdir. Hər il sərgini 10 mindən artıq yerli və xarici mütəxəssis, habelə nəhəng neft-qaz şirkətlərinin tanınmış rəhbərləri ziyarət edir. Bu il tədbir dünyanın 30 ölkəsini təmsil edən 240 şirkəti bir araya toplaşıb və burada texniki və elmi təfəkkür vektorları ilə enerji daşıyıcıları sənayesinin ən müxtəlif mütəxəssislərinin maraqları kəsişir. Tədbirdə iştirakçı və ziyarətçilərin səmərəli iş və peşəkar ünsiyyəti üçün lazımı şərait yaradılmışdır. Sərginin qonaqları arasında Belçika, İspaniya, Qazaxıstan, Çin, Polşa, Portuqaliya və digər ölkələrdən gələn nümayəndələr var. Kimya sənayesi və kimyəvi istehsal sahəsi üçün xammal təklif edən şirkətlər sərgi platformasının böyük sahəsini əhatə edir.

Azərbaycanın aparıcı şirkətləri və neft-qaz sənayesinin liderlərindən ibarət olan sponsorlar qrupu sərginin yüksək statusunu əks etdirir. Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin Baş sponsoru qismində SOCAR çıxış edir. Bu il tədbirin qızıl sponsorları “BP” və “Petronas” şirkətləri, gümüş sponsoru isə “Bos Shelf” şirkətidir. Tədbirin digər sponsorları arasında “Azeri M-I Drilling”, “Caspian Marine Services”, “Caspian Drilling Company”, “Global Energy”, “GMS”, “AZFEN J.V.”, “Hidromaşservis”, “RussNeft”, “SOCAR Polymer” və “Tekfen Construction” şirkətləri yer alır.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Caspian Oil & Gas” sərgisinə dəyərli dəstək verir. “Caspian Oil & Gas” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

2-3 iyun tarixində “JW Marriott Absheron Baku” otelində keçirilmiş “Caspian Oil&Gas” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Bu il konfransda aşağıdakı əsas mövzular müzakirəyə çıxarıldı: “Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, Şah Dəniz – 20 illik uğur və gələcəyə baxiş”, “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi”, “Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi”, “Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri”.

Tədbirdə həmçinin APFM müşahidə şurasının sədri, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti, iqtisad elmləri doktoru, professor Süleyman Qasımov da iştirak etdi və məruzə ilə çıxış etdi.

Süleyman Qasımov sənaye sahəsinin mühüm məsələlərinə toxunaraq neft-qaz layihələrinin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, iri neft və qaz layihələrinin maliyyələşdirilməsindən və onların sabit inkişafının təmin edilməsindən, enerji ehtiyatları bazasının genişləndirilməsi və yeni imkanların yaradılmasından danışdı.

O qeyd etdi ki, Azərbaycan Dövlət Neft şirkəti struktuna daxil olan çox sayda müəssisələrlə yanaşı onun təsisçiliyi ilə yaradılmış və neft qaz əməliyyatlarının bütün sahələrində fəaliyyət göstərən çox saylı törəmə müəsssisələrdən ibarət istehsalat kompleksi olmaqla, şaquli inteqrasiya olunmuş beynalxalq neft şirkətinə çevrilmək strategiyasına malik bir şirkətdir.

Süleyman Qasımov onu da vurğuladı ki, 2014-çü ildən başlayaraq neftin qiymətinin iki dəfədən çox aşağı düşdüyü, həmçininin beynəlxalq analitik agentliklərin və investisiya banklarının 2018- ci ilədək bu qiymətlərin sürətli bərpasının gözlənilmədiyinə dair proqnozlar verdiyi əlverişli olmayan makro iqtisadi şəraitdə SOCAR icrasına başladığı ölkə daxili və ölkədən kənar layihələrinin reallaşdırılmasını davam etdirir.

Çıxışının sonunda o,bir daha bildirdi ki , son dörd il ərzində SOCAR-da əməliyyat səmərəliliyinin artırılması istiqamətində böyük işlər görülməklə, bazar konyekturasında baş verən dəyişiklikərə daha dayanıqlı olmağa şərait yaradılmışdır. Əməliyyat səmərəliliyinin artırılması istiqamətində işlərin mütəmadi olaraq aparılmasının vacibliyini nəzərə alaraq SOCAR yaxın illərdə də bu istiqamətdə iri miqyaslı planlar həyata keçirmək niyyətindədir.

04 iyun 2016
04 iyun 2016