Xəbərlər
Aprel 2022
Hörmətli oxucularımız!
Sizi jurnalımızın növbəti buraxılışında salamlayırıq! Aprel ayının adı, qədimdən qələn məlumatlara əsasən, aperire - “açmaq” latın felindəndir, çünki bu ayda bahar fəsli başlayır, ağaclar və bitkilər çiçəklənir. Başqa bir versiyaya görə, ayın adı latın apricus – “günəşlə isinmiş” sözündən əmələ gəlib. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afrodita ilahəsinin adına da bağlıdır.

Unutmaq olmaz ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirmişdir.

2022-ci ildə Azərbaycanda Ramazan ayı aprelin 2-dən başlayıb. Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Jurnalımızın aprel nömrəsində EY İlin İş Adamı müsabiqəsinın qalibi Afət xanımla müsahibə, APFM xəbərləri, Mühasibat uçotu və vergitutma qaydaları, məşhur hicablı xanımlar və digər maraqlı məlumatlar və xəbərlər Sizi gözləyir. Ruzi-bərəkət və rəhmət ayı olan bu mübarək ayda Allah hər birimizin oruc və dualarını qəbul etsin. Amin…

Kataloqu yüklə: Aprel 2022.pdf

Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva