Hörmətli oxucularımız! Ənənəyə sadiq qalaraq hər ay olduğu kimi, yenə də maraqlı mövzular və rubrikalarla “Finansist” jurnalının növbəti – fevral buraxılışını Sizə təqdim edirik.
Fevral ayının adı etruskların yeraltı dünyasının tanrısı “Februussadan” gəlir və “təmizlənmə ayinlər”i ilə əlaqələndirilir. Fevral ayı ilin ən qısa ayı olaraq 28 gündən (uzun illərdə 29 gündən) ibarətdir. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir.
Unutmaq olmaz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Lakin həyat dəyişib, artıq 44 günlük Vətən müharibəsində qazanılan Qələbə dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin, Xocalı qurbanlarının qisası idi.
Bu dəfəki buraxılışımızın “Bizim müsahib” rubrikasında “Azərişıq” ASC-nin Maliyyə Departamentinin direktoru Namiq Orucovun verdiyi maraqlı müsahibə ilə tanış ola bilərsiniz.
Fevral ayının “Biznes dünyası” rubrikasında bütün dünyada tanınan Uolt Disney haqqında maraqlı həqiqətlər, adı geniş tamaşaçı kütləsinə tanış olan “Oskar” mükafatı ilə bağlı tarıxı məlumatlar, X,Y və Z nəsilləri arasında yaranan mübahisələr və digər məqalələr ilə tanış ola bilərsiniz. Həmçinin, qeyd etmək istəyirəm ki, Novruz bayramının ilk çərşənbəsi, bu il fevral ayının 22-də qeyd olunur. Çərşənbələri ruh yüksəkliyi ilə qarşılamaq lazımdır. İnanca görə bayramı hansı əhvah-ruhiyyə ilə qarşılasan, növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək.
Kataloqu yüklə:
jurnal-fevral.pdf
Ömrünüz su qədər uzun və pak olsun!
Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva