Xəbərlər
25 dekabr 2019
Əziz oxucularımız!
İl yekunlaşır. Hər birimiz bu ilin nəticələrini təhlil edir, yeni ilin planlarını və hədəflərini seçirik. Təbii ki, 2019-cu il də, digərləri kimi, həm nailiyyətləri, həm də çətinlikləri ilə yadda qaldı. Arzu edirik ki, ötən ildə qazandığımız nailiyyətlər çətinliklərimizi üstələyərək bizi müsbət əhval ruhiyyə və enerji dolu hisslərlə növbəti ilə aparsın.

2019-cu ildə Assosiasiyamız bir neçə uğura imza atdı. APFM Azərbaycanın “ilk peşəkar mühasib təşkilatı” adına layiq görüldü, bir neçə maarifləndirici seminar, İFRS standartlarının və maliyyə-iqtisad sahəsinə aid digər fənnlərin tədrisini və imtahanlarını təşkil etdi; bu imtahanlarda uğur qazanmış tələbələrə beynəlxalq səviyyədə tanınan sertifikat və diplomlar təqdim etdi. Bu il həmçinin APFM Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə Mühasib və Auditorların VI-cı Avrasiya Forumunu uğurla keçirdi.

Yola saldığımız ildə jurnalımızda müxtəlif mövzular, tədris sahələri işıqlandırıldı. “FİNANSİST”-in il ərzində dərc edilməsi üçün çalışan əməkdaşlarımıza, layihənin rəhbəri Nuriyyə xanım Novruzovaya və həmçinin dəyərli vaxtlarını bizə ayıran jurnalımızın oxucularına dərin minnətdarlığımı bildiririk. Növbəti ildə jurnalımızda dərc ediləcək yeni rubrika və mövzularla bağlı təkliflərinizi gözləyirik. Sizin fikirləriniz və tövsiyələriniz bizim üçün olduqca vacibdir.

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci ilin gəlişi münasibəti ilə ürəkdən təbrik edirik! Arzu edirik ki, 2020-ci il ömrümüzün növbəti səhifəsinə yalnız və yalnız xoş hadisələr yazsın, torpaqlarımız qayıtsın, övladlarımız və böyüklərimiz əminamanlıq, ruzi bərəkət və qayğı görsünlər, süfrəmiz bol, xörəyimiz isti olsun! Tanrı Azərbaycanımızı qorusun!

Bu xoş arzularla jurnalımızın bu ilini yekunlaşdırırıq və yeni ildə Sizi yeni rubrikalarımız və maraqlı məlumatlarımızla gözləyirik!

YENİ İLİNİZ MÜBARƏK!!!